Yaponiya İmperatoru Naruhitonun doğum günü münasibətilə qəbul təşkil olunub

27.02.2020 Off By admin

Fevralın 27-də Yaponiyanın Azərbaycandakı səfirliyində Əlahəzrət İmperator Naruhitonun doğum günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki ötən ilin ölkələrimiz arasındakı münasibətlərinin inkişafı baxımından yaddaqalan olduğunu deyib. Yaponiyanın bu yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini xatırladan səfir ümidvar olduğunu bildirib ki, Oyunlara Azərbaycandan da çox sayda idmançı qatılacaq. Yaponiyaya səfər edən azərbaycanlılar yapon mədəniyyəti və təbiəti ilə tanış ola biləcəklər.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Yaponiya və Azərbaycan arasında hər zaman dostluq və tərəfdaşlıq əlaqələri mövcud olub. Ölkələrimiz arasındakı yüksək səviyyəli qarşılıqlı münasibətlər bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə və dərinləşdirilməsinə zəmin yaradıb.

O vurğulayıb ki, Azərbaycan və Yaponiya hər zaman beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfələrini veriblər.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllində Yaponiyanın dəstəyi böyük əhəmiyyət kəsb edir.

Xəbəri paylaş: