Xocalı soyqırımı qurbanlarının xatirəsi FHN-in Akademiyasında anılıb

24.02.2020 Off By admin

Fevralın 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

FHN Akademiyasının rəis müavini polkovnik İlham Babaşov qeyd edib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni şovinistləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Ötən əsrin ən böyük və qanlı faciələrindən olan Xocalı soyqırımı da həmin qeyri-insani siyasətin nəticələrindən biridir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalıya hücum edərək tariximizə qanlı həriflərlə həkk olunmuş soyqırımı törədiblər. Soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir götürülüb, girov götürülənlərdən 150 nəfərinin taleyi bu günədək məlum deyil.

Akademiyanın rəis müavini Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Qeyd edib ki, XX əsir dünya tarixinin ən faciəli soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.

Xəbəri paylaş: