Xocalı soyqırımı Çili mətbuatında işıqlandırılıb

26.02.2020 Off By admin

Çilinin “Diario UChile” xəbər portalında, “Politica y Cultura” elektron jurnalında, habelə Latın Amerikası regionunda yayımlanan “Telesur TV” xəbər kanalının internet səhifəsində Çilili jurnalist, bloqer və beynəlxalq analitik Pablo Xofre Lealın Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş “Xocalı: həqiqət və ədalətə ehtiyac” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini, işğal olunmuş ərazilərdə müharibə və insanlıq əleyhinə cinayətlərin, o cümlədən 83 uşaq olmaqla 613 nəfərin öldürülməsi ilə nəticələnən Xocalı soyqırımının törədildiyini yazır. O bildirir ki, Xocalıda baş verənlər nəinki Xocalı, habelə Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü pozularaq işğal olunan, əhalisi etnik təmizləməyə məruz qalan Azərbaycanın bütün Dağlıq Qarabağ regionunun əhalisinin fundamental insan haqlarının pozuntusunu təmsil edir.

Müəllif Xocalı soyqırımı barədə həqiqətlərdən danışarkən, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas De Vala müsahibəsindəki Ermənistanın işğalçı və təcavüzkar siyasəti barədə etiraflarına istinad edir. Qeyd olunur ki, Xocalının dinc sakinlərinə qarşı qəddarlıqla törədilən vəhşiliklərin əks olunduğu videogörüntülərin, fotoşəkillərin, beynəlxalq media qurumlarının, jurnalistlərin yazıları əsasında əsaslı sübutlar var və buna görə də bu soyqırımı inkar etmək və ya unutmaq mümkün deyil. Bu mənada, müəllif həmçinin “The Washington post”, “BBC Morning News”, “Le Monde” kimi beynəlxalq xəbər agentliklərinin Xocalı barəsində məqalələrindən sitatlar gətirir.

Məqalədə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının bəyanatına istinad edilərək Ermənistanın işğalçı siyasətinin davam etməsinin regionda sülhün bərqərar olmasına əsas maneə olduğu vurğulanır. Azərbaycanın suverenlik və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və ərazilərinin işğalı üçün gücdən istifadənin qəbuledilməzliyini təsdiq edən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də icra olunmadığı bildirilir.

Müəllif sonda bildirir ki, 28 il əvvəl Xocalıda törədilən və 613 azərbaycanlının həyatına son verən soyqırımına görə ədalətin təmin olunması sülhün bərpası üçün ilkin şərtlərdən biri olmalıdır.

Xəbəri paylaş: