Türkiyəli jurnalist: Qərəzli yanaşma Avropa Şurasının onsuz da sürətlə aşağı düşən nüfuzuna zərbə vurur

06.02.2020 Off By admin

Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim haqsızlığa məruz qalıblar. Qurumun digər elə bir üzvü yoxdur ki, bizim ölkələrimiz kimi davamlı ədalətsizliyə düçar olsunlar. Görünür, bu barədə qərarlar Azərbaycana və Türkiyəyə qarşı olan qərəzli qüvvələr tərəfindən verilir ki, Avropa Şurası da bunu icra edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi Cabbar Şıktaş söyləyib.

Avropa ölkələrində dinc nümayişlərə, eləcə də KİV mənsublarına qarşı polisin güc tətbiq etməsinin adi bir hadisə olduğunu xatırladan baş redaktor deyib: “Yaradıldığı vaxtdan bəri Türkiyədə qırx minə yaxın günahsız insanı öldürən PKK mənsubları Avropa küçələrində meydan oxuyur. Konkret olaraq terrorçuluqda ittiham olunan PKK mənsublarını, terror təşkilatını dəstəkləyən media qurumlarının təmsilçilərini polis tutur, Avropa məhkəmələri bəraət verir, Avropa Şurası rəhbərliyi də buna susur. Azərbaycanda və Türkiyədə isə dövlətçiliyə, milli mentalitetə qarşı çıxanları ədalətə dəvət edəndə Avropa Şurasının yadına söz və mətbuat azadlığı düşür. Bu qərəzli yanaşma Avropa Şurasının onsuz da sürətlə aşağı düşən nüfuzuna zərbə vurur. Təşkilatın bəzi rəhbər şəxsləri elə düşünürlər ki, onların nümayiş etdirdikləri ikili standartları özlərindən başqa görən yoxdur. Ona görə də bütün qərəzli qərar və qətnamələrə açıq və qəti şəkildə cavab vermək lazımdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri paylaş: