Qazaxıstanlı jurnalist: Almatı, Tbilisi və Bakıda baş verənlər qorxunc bir zəncirin halqaları idi

19.01.2020 Off By admin

Bu gün qazaxlar da Azərbaycan xalqı ilə birgə 30 il öncə, 1990-cı il yanvarın 20-də vətənin azadlığı yolunda canlarını fəda edən insanları yad edir. O zaman sovet hərbi rəhbərliyinin əmri ilə Bakıya qoşun yeridilmişdi. Bu dəhşətli və yanlış addım sovet mərkəzi rəhbərliyinin milli respublikalara olan münasibətini göstərirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstanın “e-history.kz” portalinin baş redaktoru Arman Suleymenov bildirib. O qeyd edib ki, biz hamımız 1986-cı ilin dekabr ayında Qazaxstanın Almatı şəhərində baş verən hadisələri də yaxşı xatırlayırıq. Almatı, Tbilisi və Bakıda, eləcə də Baltikyanı ölkələrdə ardıcıl şəkildə baş verənlər qorxunc zəncirin halqaları idi.

“Bakıda baş verənlər onunla fərqlənirdi ki, xalq Dağlıq Qarabağda cərəyan edən hadisələrə, ittifaqa daxil olan başqa bir dövlətin təcavüzünə etiraz edirdi. Düşünürəm ki, zaman gələcək tarix bu hadisələrə qiymət verəcək və günahkarlar gec-tez cəzalandırılacaq”, – deyə Arman Suleymenov vurğulayıb.

Xəbəri paylaş: