Qanlı Yanvar milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür

17.01.2020 Off By admin

Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə universitetin foyesində faciə qurbanlarının xatirəsinə həsr olunan fotosərgiyə baxıblar. Sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AzTU Televiziya Studiyasının hazırladığı 20 Yanvar şəhidi, universitetin tələbəsi İlqar Əhmədova həsr olunmuş “Azadlıq fədaisi” sənədli filmi nümayiş olunub. Filmdə şəhidin müəllimləri və qrup yoldaşları onunla bağlı xatirələrini danışıblar.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Qanlı Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və onun tərkibində çoxluq təşkil edən erməni silahlılarının xalqımıza qarşı birgə həyata keçirdiyi qətliam Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də faciə qurbanlarının əziz xatirəsinin yad olunmasını hər zaman diqqətdə saxlayır, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif fərmanlar, sərəncamlar imzalayır.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, Dövlət mükafatı laureatı Nazim Mustafa, AzTU-nun nəzdində Bakı Texniki Kollecin tədris işləri üzrə direktor müavini əvəzi Cəlal Qardaşov (şəhid İlqar Əhmədovun tələbə yoldaşı) və digərləri bu hadisələrə zəmin yaradan tarixi faktlardan danışıblar.

Anım mərasimi 20 Yanvar şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Xəbəri paylaş: