Pit Olson Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

01.03.2020 Off By admin

ABŞ Konqresində Texas ştatını təmsil edən respublikaçı Pit Olson Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat verib.

Bəyanatda 1992-ci il fevralın 26-da Xocalıda faciəvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların xatirəsi yad olunub. Həmçinin o dəhşətli gecədə 613 azərbaycanlının Ermənistan və keçmiş sovet ordusunun motoatıcı alayının qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, günahsız qadın, uşaq və yaşlıların 22 saat ərzində qəddarcasına qətliama məruz qaldıqları əks olunub.

Konqres üzvü 28 ildir bu dəhşətli faciə ilə qovrulan və yaralarını sağaltmağa çalışan Azərbaycanın sürətli inkişaf istiqamətində qəti addımlarla irəlilədiyini qeyd edərək ölkəmizin hazırda ABŞ-ın, eləcə də gərgin geosiyasi regionda yerləşən İsrailin etibarlı dostu və ticarət tərəfdaşı olduğunu vurğulayıb.

P.Olson belə hücum və qəddarlıq aktını pisləyərək ABŞ-ın belə anlarda müttəfiqlərinin və dostlarının yanında olmasının vacibliyini vurğulayıb və Xocalıda qətlə yetirilmiş azərbaycanlıların xatirəsini bir daha ehtiramla anıb.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri paylaş: