Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir

Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir

05.12.2019 Off By admin

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olması, ustad xanəndə ilə səmimi söhbəti ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət səviyyəsində göstərilən böyük hörmətin nümunəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə deyib.

Pərvin Kərimzadə qeyd edib ki, mədəniyyətimizin, xalq musiqilərimizin, bənzərsiz muğamlarımızın inkişafı, mənəvi sərvətlərimizin qorunması, beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyətli missiyanı üzərinə götürən Mehriban Əliyevanın humanist, nəcib addımı ağsaqqallara, ağbirçəklərə, dədə-babalarımızdan bizə miras qalmış ədəbiyyata, incəsənətə, şeirə, təsviri sənətə, musiqiyə, bir sözlə, sənətkara hörmətin təsdiqidir. Dövlət xadiminin musiqi mədəniyyətimizin görkəmli nümayəndəsini evində ziyarət etmək təkcə musiqisevərlər tərəfindən deyil, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı İlham Əliyevlə birgə regionlara səfərləri zamanı vətəndaşlara göstərdiyi diqqət, qayğı, ona müraciət edən hər bir şəxslə çox mehriban davranması, xüsusən yaşlılara, körpələrə olan münasibəti bunun əyani sübutudur. Valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlarla görüşlərində bu nəcib xanımın səmimiyyəti, içdən gələn qayğıkeş rəftarı insanı heyran etməyə bilməz.

Birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın Vətən və xalq qarşısında xidmətləri birəbeş artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla qarşılanır.

“Bu gün Birinci vitse-prezident Mehriban Əliyeva özünəməxsus nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Mehriban Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, müasir Azərbaycan qadınının obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilir”, – deyə deputat əlavə edib.

Xəbəri paylaş: