Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər müzakirə edilib

16.12.2019 Off By admin

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma və təmir-bərpa işləri həyata keçirilib, müvafiq palatalarda mərkəzi oksigen sistemi qurulub, fiber-optik xətlər vasitəsilə internet şəbəkəsi yaradılıb, 46 kompüter, 5 printer, mərkəzi server qurulub və “Medisoft – Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əhali arasında keçirilən maarifləndirici tədbirdə ətraflı danışılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 10 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov müvafiq sərəncama əsasən bu il dekabr ayından etibarən rayonda da tətbiq edilən icbari tibbi sığortanın əhəmiyyətindən söz açıb, görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.

Sonra agentlik əməkdaşlarının müxtəlif mövzularda çıxışları dinlənilib. Həmin mövzularla bağlı slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbəri paylaş: