Moskva hipermarketində “Azərbaycan nemətləri” guşəsi açılıb

01.03.2020 Off By admin

Moskvada, “Novaya Riqa” yaşayış kompleksindəki “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” guşəsi açılıb.

AZƏRTAC xəbər verir ki, stenddə “Made in Azerbaijan” brendi ilə geniş çeşiddə məhsullar təqdim edilib.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev açılış mərasimində çıxış edərək, Moskvanın ən iri supermarketlərindən birində “Azərbaycan nemətləri” guşəsinin yaradılmasının əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq Azərbaycanda istehsal olunmuş məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, habelə onun “Made in Azerbaijan” brendi ilə xarici ölkələrdə irəlilədilməsi üzrə tədbirlər görülür. R.Əliyev xatırladıb ki, ötən il Moskvanın Tver meydanında Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Moskva hökumətinin təşkilatçılığı ilə “Azərbaycanın payız nemətləri” adlı festival böyük müvəffəqiyyətlə keçirilib. Təqribən 70 min moskvalı və Rusiya paytaxtının qonaqları şəhərcikdə olublar. 2019-cu ildə Rusiyada “Azərbaycan nemətləri” adlı bir neçə konseptual mağaza açılıb. Ticarət nümayəndəsi qeyd edib ki, hələ SSRİ dövründə Azərbaycan Rusiyaya və digər respublikalara təzə meyvə-tərəvəz göndərirdi. “İndi biz istehsalı genişləndiririk, özü də söhbət təkcə kənd təsərrüfatı məhsullarından deyil, həm də emal məhsullarından – şərablar, şirələr, mineral sular və digər məhsullardan gedir”, – deyə R.Əliyev bildirib. Onun sözlərinə görə, bütün Rusiya ərazisində Azərbaycanın ticarət evləri açılır.

R.Əliyev “Tvoy dom” hipermarketində Azərbaycan guşəsinin yaradılmasına göstərdiyi köməyə görə “Crocus Group” şirkətin prezidenti Aras Ağalarovun şəxsində bu şirkətlər qrupunun rəhbərliyinə təşəkkür edib.

“Tvoy dom” ticarət mərkəzləri şəbəkəsinin marketinq və reklam departamentinin rəhbəri Məhərrəm Əhmədov bildirib ki, “Azərbaycan nemətləri” guşəsinin açılması “Crocus Group” şirkəti üçün əlamətdar hadisədir. O deyib: “Bizim hipermarketimizdə bu guşənin yaradılması ilk addımdır və mən əminəm ki, bizim əməkdaşlığımız davam edəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri paylaş: