Mavritaniya sahillərində 58 mühacir dənizdə boğulub

Mavritaniya sahillərində 58 mühacir dənizdə boğulub

05.12.2019 Off By admin

Mavritaniya sahillərində aralarında qadın və uşaqların da olduğu 58 mühacir dənizdə boğularaq həlak olub.

AZƏRTAC Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəsmi portalına istinadla xəbər verir ki, hadisə zamanı, həmçinin 83 nəfər üzərək sahilə çıxa bilib. Onların hamısına Mavritaniya hakimiyyəti və beynəlxalq təşkilatlar yardım edib. Sağ qalanların sözlərinə görə, noyabrın 27-də Qambiyadan yola çıxan gəminin göyərtəsində azı 150 mühacir olub. İspaniyaya yollanan gəminin Mavritaniya sahilləri yaxınlığında yanacağı qurtarıb.

“Gallup” sosioloji xidmətinin apardığı sonuncu tədqiqatın nəticələrinə görə, dünyada 710 milyon insan və ya planet əhalisinin 14 faizi yaşamaq üçün digər dövlətlərə köçmək niyyətindədir. Potensial mühacirlərin əksəriyyəti Afrika ölkələrində yaşayır. Vətəndaşlarının ən çox mühacirət etmək istədiyi ölkələr siyahısına Qərbi Afrikada yerləşən Serra-Leone başçılıq edir. Burada əhalinin 62 faizi ölkəni tərk etmək istəyir. Liberiyada bu göstərici 54 faiz, Konqo Demokratik Respublikasında 50 faiz, Nigeriyada 43 faizdir.

Mühacirlər üçün ən cəlbedici Avropa ölkələri arasında ilk yerdə 39 milyon insanın köçmək istədiyi Almaniya qərarlaşıb. Böyük Britaniya 35 milyon, Fransa 32 milyon, İspaniya 20 milyon, İtaliya isə 15 milyon mühacirin hədəfindədir.

Xəbəri paylaş: