Malayziyanın milli xəbər agentliyində Xocalı soyqırımı ilə bağlı geniş material yerləşdirilib

24.02.2020 Off By admin

Malayziyanın ən böyük rəsmi xəbər istehsalçısı olan Bernama milli xəbər agentliyi Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevaya haqqında geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanlı müharibə qurbanının ağrılı yolçuluğu” başlıqlı material agentliyin xarici xəbərlər üzrə peşəkar jurnalisti Raviçandran Rajaminakam tərəfindən qələmə alınıb. Materialın əsas süjet xətti jurnalistin bir müddət əvvəl D.Ağayeva ilə Bakıda görüşü və ondan aldığı müsahibə üzərində qurulub. Məqalədə, həmçinin Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin Xocalı soyqırımı və ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı təqdim etdiyi mühüm faktlara istinad olunub.

Müsahibə zamanı D.Ağayeva Xocalının işğalından sonra şahidi olduğu və şəxsən qurbanına çevrildiyi dəhşətli vəhşiliklərdən və işgəncələrdən bəhs edib. Səkkiz günlük əsirlik həyatının sanki 80 günə bərabər olduğunu bildirən D.Ağayeva həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, hələ də öz təsirini saxlayan ağır yaraları barədə danışıb.

D.Ağayeva, həmçinin əsirlikdən qayıtdıqdan sonra Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda məcburi köçkünlər üçün ayrılmış mənzildə yeni həyata başladığını, telekommunikasiya sahəsində işlədiyini, vaxt tapdıqca Xocalı soyqırımı barədə həqiqətlərin əsl mahiyyəti barədə dünya ictimaiyyətinə məlumat verməyə çalışdığını bildirib. Bu məqsədlə İtaliya, Türkiyə, ABŞ, Rusiya və İranda səfərdə olduğunu bildirən D.Ağayeva, 2016-cı ildə isə əsirlik xatirələrini əks etdirən kitabının nəşr olunduğunu və həmin kitabın artıq türk, rus və ingilis dillərinə tərcümə edildiyini söyləyib.

Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Malayziya dövlətinə və xalqına təşəkkürünü bildirən D.Ağayeva özünün sülh mesajını bölüşmək üçün bir gün Malayziyaya səfər edəcəyinə ümid etdiyini də qeyd edib. O, məqalənin sonunda bildirib: “Bu, müharibə idi və baxmayaraq ki, məni əsir götürənlər bizə düşmən kimi münasibət göstərir və işgəncə verirdilər, mən onlara və onların ailə üzvlərinə mənim yaşadıqlarımı arzulamıram”.

Qeyd edək ki, sözügedən məqalə BERNAMA-da yayıldıqdan sonra Malayziyanın tarixi və çox tirajlı ingilisdilli qəzetlərindən olan “News Straits Times” və malaydilli “Berita Harian” nəşrində də dərc olunub.

Xəbəri paylaş: