Magistraturaya qəbul olmaq istəyənlər biliklərini yoxlayıblar

03.02.2020 Off By admin

Fevralın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun həyata keçirilib.

İmtahanın nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

Xəbəri paylaş: