“Məktəblilərarası astronomiya olimpiadası”nın qalibləri müəyyənləşib

18.12.2019 Off By admin

Bakı Dövlət Universitetində (BDU) keçirilmiş “Məktəblilərarası astronomiya olimpiadası”nın nəticələri açıqlanıb. IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, ən yaxşı nəticə göstərmiş üç şagird – Hikmət Güləliyev, Rəvan Quluzadə, Ayhan Süleymanzadə 1-ci yerə, dörd şagird – Toğrul Məmmədov, Rəşad Rəhimzadə, Nahid Əliyev, Şüeyib Aslanlı 2-ci yerə, 7 şagird – Azər Rzayev, Riyad Əlipaşalı, Vaqif Əliyev, Elşad İsgəndərli, Elxan Haqverdiyev, Murad Həsənov, Ramin Qasımlı isə 3-cü yerə layiq görülüblər.

Mükafatlandırma mərasimi dekabrın 21-də Bakı Dövlət Universitetində təşkil olunacaq. Bütün iştirakçılara hədiyyə və sertifikatlar veriləcək. Qaliblər isə diplom və xüsusi mükafatlarla təltif olunacaqlar.

İştirakçılar nəticələrini fərdi olaraq astronomyolympiadbaku@gmail.com elektron poçt ünvanına müraciət edərək öyrənə bilərlər.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə reallaşdırılan “Məktəblilərarası astronomiya olimpiadası” Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Xəbəri paylaş: