Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq festivalda qalib olub

08.01.2020 Off By admin

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və televiziya fakültəsinin magistri Masər Həsənov ABŞ-da keçirilən XI Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (11th Independent International Internet Short Film Festival) mükafat qazanıb.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, Masər Həsənovun “Qığılcım” filmi “Tamaşaçı rəğbəti” nominasiyası üzrə 65 ölkə arasında III yerə layiq görülüb.

Qeyd edək ki, ADMİU-nun “SABAH” qruplarının rejissorluq ixtisasının məzunu olan Masər Həsənov hazırda Kino və televiziya fakültəsində görkəmli kinorejissor Xalq artisti Eldar Quliyevin kursunda magistr pilləsi üzrə təhsil alır. ADMİU-nun magistri fiziki məhdudiyyətli olmasına baxmayaraq, bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir.

Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb.

Gənc rejissor “Sevgi naminə” qısametrajlı bədii filmi ilə IX Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında iştirak edib və birinci dərəcəli laureat seçilib.

O, 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb, 2019-cu ildə “Gənclər üçün Prezident Mükafatı” ilə təltif olunub.

Xəbəri paylaş: