İordaniyada təşkil edilmiş mühazirədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və tarixi Qələbəmiz barədə danışılıb

İordaniyada təşkil edilmiş mühazirədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və tarixi Qələbəmiz barədə danışılıb

19.11.2020 Off By admin

İordaniyanın Əmman şəhərində fəaliyyət göstərən Yaxın Şərq Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq əsasında səfir Rasim Rzayevin “Biz və dünya” mövzusunda mühazirəsi təşkil edilib. Mühazirə Türkiyənin Əmmandakı səfirinin, İordaniyada akkreditə olunan səfirliklərin diplomatlarının, eləcə də İordaniya Silahlı Qüvvələrinin təqaüddə olan generallarının, ali təhsil müəssisələrinin sabiq rektorlarının, Senatın sabiq və hazırkı üzvlərinin və Krallığın beyin mərkəzlərinin mütəxəssislərinin iştirakı ilə keçirilib.

Səfir R.Rzayev Azərbaycan xalqının rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbəni geniş qeyd etdiyini bildirib. O, ordumuzun Ermənistan rəhbərliyini kapitulyasiya etməyə məcbur etdiyini vurğulayıb.Mühazirəsində səfir Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrindən ətraflı bəhs edib. O, Yaxın Şərq regionunda cərəyan edən münaqişələrin tezliklə aradan qalxmasını   və bu regiona sülh, əmin-amanlıq, sabitlik arzulayıb.

Sonra səfir Ermənistan-Azərbaycan münaqişəsi barədə danışıb. O, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli üzrə 4 qətnamə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı sənədlər qəbul etdiyini diqqətə çatdırıb.

Diplomat həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində haqq işimizə göstərdiyi davamlı dəstəyə görə İordaniyanın rəhbərliyinə, hökumətinə və xalqına təşəkkürünü bildirib.

Sonra təqdimatla çıxış edən səfirliyin müşaviri E.Şahhüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin enerji strategiyası başda olmaqla, milli inkişaf strategiyasını işləyib hazırladığını bildirib. Məhz Ulu Öndərin sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığını diqqətə çatdırıb.

E.Şahhüseynov Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində dövlətimizin son 17 il ərzində istər daxildə, istərsə də xaricdə əldə etdiyi uğurlardan da bəhs edib. O, həmçinin Azərbaycanın son 17 il ərzindəki sosial-iqtisadi göstəriciləri, koronavirusla mübarizəyə verdiyi töhfələr barədə məlumat verib.

Azərbaycan-İordaniya əlaqələrindən də söhbət açan səfirliyin müşaviri daha sonra Ermənistan- Azərbaycan münaqişəsi mövzusunda geniş təqdimat edib.

Müşavir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 gündən sonra Ermənistanın baş nazirini kapitulyasiya etməyə məcbur etdiyini, 10 noyabr tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalandığını bildirib.

Tədbirdə erməni işğalçılarının məscidlərimizdə donuz saxladıqlarını və Kəlbəcərdəki evləri yandırdıqlarını əks etdirən fotolar nümayiş etdirilib.

Təqdimatın sonunda mühazirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: