İlahiyyat İnstitutunun təşkil etdiyi qış məktəbi davam edir

04.02.2020 Off By admin

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbinin ikinci günü seminar və ziyarətlərlə davam edib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, qış məktəbinin iştirakçıları Heydər Əliyev Konqres Mərkəzində olublar. Onlara mərkəz haqqında geniş məlumat verilib. Binanın 3 mərtəbədən ibarət olduğu və bütün infrastrukturla təmin olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il avqustun 14-də Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib.

Daha sonra tələbələr Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər. Bildirilib ki, Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illərdə SEBA – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərir. Mərkəzdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa edilərək nümayiş olunur.

Xatırladaq ki, fevralın 7-nə qədər davam edəcək qış məktəbinin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.

Xəbəri paylaş: