İdlib: Türkiyə və Rusiyanın “arasında qalan” Suriya vilayəti

20.01.2020 Off By admin

BMT dekabrın əvvəlindən bu günə qədər 350 suriyalının İdlib vilayətini tərk etdiyini açıqlayıb. Qaçqınlar Türkiyə sərhədində qurulmuş çadır düşərgələrinə yerləşdirilib. Eyni zamanda, bildirilir ki, hərbi əməliyyatlar vilayətdə əhalinin qalmasını gündən-günə çətinləşdirir. İdlibdə sonuncu dəfə atəşkəs yanvarın 9-da əldə olunub və 12-də qüvvəyə minsə də, atəşkəs cəmisi iki gün davam edib. Bundan sonra Rusiya aviasiyası vilayət ərazisini bombalayıb. Rusiya tərəfi isə bu iddiaları təkzib edir.

İdlibdə indi vəziyyət hər keçən gün pisləşir. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, İdlibdə küçə döyüşləri başlaya bilər. Bu isə vilayətdə vəziyyəti tamamilə nəzarətdən çıxara bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 17-də bildirib ki, Suriya hakimiyyəti atəşkəsə riayət etmir, mülki əhalini bombalayır.

Türkiyə prezidenti jurnalistlərə bildirib ki, Berlində keçiriləcək Liviya konfransında Putinlə görüşəndə İdlib mövzusunu müzakirə edəcək. Ancaq Türkiyə və Rusiya prezidentlərinin İdlib mövzusunda danışıqlarının davamlı bir atəşkəsə nail olması o qədər də real göünmür. Məsələ ondadır ki, son üç ildə Ərdoğanın birbaşa danışıqlar yolu ilə İdlibdə atəşkəsə nail olsa da, hər dəfə atəşkəs uzun zaman davam etməyib.

İdlib mövzusunda Ərdoğan və Putin arasında əsas atəşkəs anlaşması 2018-ci ilin sentyabrında Soçidə əldə olunub. Bu razılaşmaya əsasən, Türkiyə ordusu bölgədə 12 ədəd atəşkəsə nəzarət məntəqəsi quracaq.

Təxminən bir o qədər nəzarət mənqətəsi də Rusiya və İran İdlib ətrafında yaratmalı idi. Ancaq Soçi anlaşması faktiki olaraq İdlibin bölünməsini nəzərdə tuturdu. Putin və Ərdoğanın razılaşmasına əsasən, İdlibin mərkəzindən keçən silahdan təmizlənmiş bölgə yaradılmalı, şimal qalan bölgələrdə atəşkəsə Türkiyə, cənubda isə Rusiya və İran nəzarət edəcəkdi.

Silahdan təmizlənmiş bölgədə isə Rusiya və Türkiyə ordusu patrulları hərəkət etməli idi. Ancaq bu planın bəzi məqamları işləmədi. Üstəlik, bu anlaşmadan sonra İdlibin böyük hissəsi HTŞ-nın, yəni “Əl-Qaidə”nin nəzarətinə keçdi.

İdlibdə növbəti atəşkəs razılaşması ötən il Ərdoğanın təcili Moskvaya uçub Putinlə görüşməsindən sonra əldə olunub. Lakin bu anlaşma da uzun zaman davam etməyib və bir neçə gündən sonra pozulub. Üstəlik, ötən ilin aprelində Suriya hökuməti Türkiyənin İdlibdə terror təşkilatlarından təmizləyəcəyi ilə bağlı öhdəliyi yerinə yetirməməkdə ittiham edərək vilayətin cənubuna hücum həyata keçirib.

Türkiyə isə vilayətdə tədricən nəzarətə götürülməsini, başlayan genişmiqyaslı əməliyyatın dinc əhalinin ölümünə və yüz minlərlə insann ölümünə səbəb olacağından narahatdır. Çünki qaçqınlar hamısı Türkiyəyə gəlir və Ankaranın qaçqın yükü daha da artır.

Türkiyə və Rusiya arasında İdlib mövzusunda bütün atəşkəs razılaşmaları tezliklə pozulub və görünən odur ki, həm rəsmi Dəməşq və Rusiya hakimiyyəti bu vilayəti tamamilə ələ keçirməyə çalışır.

Suriyanın şimalında Türkiyə ilə sərhəd vilayəti olan İdlib hazırda silahlı müxaliflərin, o cümlədən, islamçı qrupların möhkəmləndiyi vilayətdir. İdlibdə 60 min, bəzi məlumatlara görə, 70 min silahlı var. Onlardan 10 min nəfəri BMT-nin məlumatına görə, əl-Qaidə silahlılarıdır.

İdlib vilayəti Suriyada münaqişə başladığı ilk günlərdən savaş meydanına çevrilib. 2015-ci ildə vilayət “Azad Suriya Ordusu”, “Əhrar əş-Şam”, “Cəbhə ən-Nusra”, “Fəylək əş-Şam” kimi qruplaşmalar tərəfindən ələ keçirilib. Daha sonra Laziqiyyə bölgəsinə doğru irəliləyən silahlıları sentyabrda hərbi əməliyyatlara qoşulan Rusiya aviasiyasının amansız bombardmanları dayandıra bilib.

Ancaq sonrakı illərdə Hələb, Dəməşq ətrafı və cənubdakı Dəra bölgəsindən çıxarılan silahlı müxalif qruplar İdlibə köçüb və burada həm dinc əhalinin, həm də silahlıların sayı sürətlə artıb. Hazırda vilayətdə üç, bəzi mənbələrə görə dörd milyon insanın olduğu güman edilir.

Halbuki vətəndaş müharibəsinə qədər İdlibdə 1,4 milyona yaxın insan yaşayıb. Bu vəziyyət İdlibdə həm silahlı, həm də dinc sakinlərin böyük sıxlığına səbəb olub. Bu səbəbdən də hərbi əməliyyatların başlaması İdlibdə böyük qırğınlara və qaçqın ordusunun yaranmasına səbəb ola bilər. Son bir ildə İdlibdən 1,3 milyon insan Türkiyəyə qaçıb.

Son günlərdə Türkiyə və Suriya kəşfiyyatının rəhbərlərinin görüşlərinin də İldib mövzusu ilə bağlı olduğu düşünülür. Ancaq belə görünür ki, yekun anlaşma əldə olunmayıb. Məsələ ondadır ki, İdlibdə Türkiyənin nəzarətində olmayan silahlı qruplarla yanaşı Ankara ilə yaxın olan silahlı müxalif qruplar mövcuddur.

Hərbi əməliyyatlar zamanı bu qruplar (onların içərisində təxminən 15 min nəfər üzvü olan uyğurlardan ibarət “Türküstan İslam Partiyası” da var – müəllif.) ya tamamilə məhv ediləcək, ya da sərhədi keçəcək. Ankara isə onların ölkə ərazisinə daxil olmasını istəmir.

Türkiyə Əsəd və Rusiya hərbi qüvvələrinin İdlibə genişmiqyaslı əməliyyatının regionda çoxlu sayda insan tələfatına və dağıntılara səbəb olacağını əsas gətirərək atəşkəsə nail olmağa çalışır. Ancaq Moskva Türkiyə ilə həmsərhəd olan və bu səbəbdən ciddi strateji əhəmiyyətə sahib vilayəti nəzarətə götürmək, buradakı radikal qrupları dağıtmağa çalışır.

Eyni zamanda, Moskva İdlibin siyasi keçid müzakirələri zamanı müxaliflərin nəzarətində olan bölgə kimi qalmasına mane olmaq istəyir. Bu səbəbdən də İdlib düyünü hələ uzun müddət açıqlamayacaq kimi görünür.

Xəbəri paylaş: