Fransa Minsk qrupunun vasitəçilik missiyasına zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərir

Fransa Minsk qrupunun vasitəçilik missiyasına zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərir

20.11.2020 Off By admin

Xalqımız 44 günlük Vətən müharibəsində qələbə qazandı. Biz bu qələbəni çox yüksək əhval-ruhiyyə ilə qeyd edirik. Hazırda münaqişənin siyasi mərhələsi davam edir. Biz öz məqsədimizə nail olacağıq, buna inanırıq. Artıq bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə ölkə başçısının sərəncamları ilə artıq müvafiq işlər görülür. Bütün bunlar bir daha göstərir ki, biz vaxt itirmədən kəndlərimizin, şəhərlərimizin yenidən qurulmasına çalışırıq.

Bu fikirləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri deyib: “Prezident İlham Əliyevin Fizuli və Cəbrayıla səfəri zamanı dediyi kimi, “onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bütün buraları bərpa edəcəyik”. Quruculuq planları hazırlanır, yerli və beynəlxalq investorların cəlb edilməsi ilə Qarabağ cənnətə çevriləcək. Eyni zamanda, erməni vandalları 28 ildə törətdikləri vəhşiliyə, mədəni-tarixi-dini irsimizə, təbiətimizə, yeraltı və yerüstü sərvətlərimizə görə öz cəzalarını almalıdırlar. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə bu cinayətlərlə bağlı hesabat hazırlanır. Ermənistan bütün bu müddət ərzində və hazırda vurduğu ziyana görə məsuliyyətə cəlb olunmalı və təzminat ödəməlidir. Eyni zamanda, Qarabağda yaşamaq istəyən ermənilərlə bağlı xüsusi qayda və normalar hazırlanmalı, monitorinq aparılmalıdır. Ermənilərin bu ölkənin vətəndaşı kimi yaşaması üçün müəyyən tələb qoyulmalıdır. Həmin qiymətləndirmə əsasında erməni yaşamaq haqqını əldə edə bilər”.

Hicran Hüseynova qeyd edib ki, bəzi beynəlxalq təşkilat və qüvvələr Azərbaycanın qazandığı qələbənin əhəmiyyəti azaltmağa çalışırlar. 90-cı illərlə müqayisələr aparırlar, hazırkı Ermənistanı o dövrün Azərbaycanı ilə müqayisə edir, revanşla bağlı separatçı çağırışlar edirlər. Lakin o dövrdə də erməni lobbisi və bəzi ölkələr torpaqlarımızın işğalı üçün dəstək verirdi, ermənilər daha yaxşı silahlanmışdı, biz isə informasiya blokadasında idik, yeganə çıxışımız Türkiyə idi. Bizim soydaşlarımız vəhşicəsinə, məcburi qaydada öz evindən, doğma torpağından çıxarılmışdı, ancaq Azərbaycan humanistlik göstərərək mülki erməni əhalisinə vaxt verdi ki, ona aid olmayan torpaqları tərk etsin. Azərbaycanda milli birlik var, biz əsgərlərimizin qanı, canı hesabına qələbə qazanmışıq. Ona görə də heç kim bu qələbənin əhəmiyyətini azalda bilməz. Bizim məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də heç bir təxribata getmək və hadisələri qabaqlamaq olmaz. Eyni zamanda, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası, bölgədə stabilliyin yaranması üçün atılan bir addımdır. Bu sənəd bir çox ölkələr və təşkilatlar tərəfindən dəstəklənməsinə baxmayaraq, bəzi dövlətlər bu bəyanata qarşı mövqe ifadə edirlər. Həmin münasibətlərin fonunda Fransanın münasibəti isə daha aqressivdir. Belə ki, Fransa Senatında təmsil olunan 5 partiya liderləri Azərbaycan ərazilərində qeyri-qanuni yaradılmış qondarma qurumun tanınması barədə qətnamə layihəsi təqdim ediblər. Biz bu birtərəfli və ədalətsiz mövqeyi Vətən müharibəsinin ilk günlərində də gördük. Bu, bir daha sübut edir ki, Fransa rəhbərliyi Minsk qrupunun vasitəçilik missiyasına zidd mövqe ortaya qoymaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik göstərir. Elə bu gün Ağdamın işğaldan azad olunması ilə bağlı xalqa müraciət edərkən Prezident bir daha vurğuladı ki, bizim suveren hüquq çərçivəsində ərazi bütövlüyümüzü bərpa etmək hüququmuz var və bizi heç kim dayandıra bilməz. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qərbin demokratik münasibəti heç də birmənalı deyil və ölkədən-ölkəyə dəyişir. Biz bunun 44 gün davam edən Vətən müharibəsi dövründə bir daha əyani şəkildə şahidi olduq. Üç dəfə atəşkəs elan olundu, hər üçündə də erməni silahlı qüvvələri bu humanitar atəşkəs rejimini pozaraq müharibə zonasından kənarda yerləşən ərazilərimizi çoxsaylı insan tələfatına, mülki və sosial obyektlərin dağılmasına səbəb olan istifadəsi qadağan edilən raket zərbələri endirdi. Ölən və yaralanan insanlar arasında uşaq, qadın və yaşlılar da var. Gəncə, Bərdə bombalandı, Tərtər dağıdıldı. Amma beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədri Fransa birtərəfli mövqe nümayiş etdirir. Beynəlxalq təşkilatlar öz hesabatlarında bir dəfə də olsun həlak olan günahsız insanlarla bağlı bitərəf mövqe tutmadı. Əksinə, baş verən bu fəlakəti, vandalizmi döyüş zonası ilə bağlayaraq erməniyə haqq qazandırmağa çalışırdı. Azərbaycan hər zaman ikili standartlarla üzləşir. Ölkəmiz terrorçu və separatçı ölkə ilə mübarizə apardığı bir dövrdə Avropa İttifaqı, Böyük Britaniya, ABŞ Konqresinin Nümayəndələr Palatası Qarabağdakı qondarma rejimə maliyyə yardımı göstərir.

Avropa İttifaqı bunu humanitar aksiya kimi dəyərləndirir və müharibədən zərər çəkən əhaliyə dəstək olduğunu söyləyir. Oktyabrın əvvəlində də Avropa İttifaqı tərəfindən Qarabağdakı ermənilərə 500 min avro, indi isə 1 milyon avro ayrılıb. Qeyd edək ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsində zərərçəkənlərə humanitar yardım üçün bir milyon funt-sterlinq, ABŞ Konqresinin Nümayəndələr Palatası da işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon dollar ayırmışdı. Birincisi, Qarabağa hər hansı yardım dolayısı ilə bu ərazinin ayrıca bir yer kimi qəbul edilməsi və ərazi bütövlüyümüzə qarşı bir təxribat kimi qiymətləndirilməlidir. İkincisi, əgər heç bir başqa münasibət yoxdursa, onda sual yaranır. Hərbi əməliyyatlar zonasından kənarda yerləşən Azərbaycanın şəhərləri – Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, eləcə də cəbhə rayonu sayılan Tərtərin bombalanmasından əziyyət çəkən insanların dəstəyə ehtiyacı yoxdurmu? Nə üçün bu, həmin təşkilatları narahat etmir? Nə üçün 7 ailənin tamamilə məhv edilməsi onları narahat etmir?

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3410-dur. Əlbəttə ki, Azərbaycan dövlətinin erməni terrorundan zərər çəkən vətəndaşına hərtərəfli kömək etməyə bütün imkanları var. Heç kimdən heç nə istəmir və buna ehtiyac da yoxdur. Lakin insan hüququndan, norma və prinsiplərdən danışan bu və digər qurumlar hadisələrə ədalətli yanaşmalıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətləri nəticəsində adıçəkilən şəhərlərdə həlak olan və yaralanan Azərbaycan vətəndaşlarına Avropa İttifaqı, eləcə də başqa mühüm beynəlxalq təşkilatlar hüquqi-siyasi dəstəyini ifadə etməyib. Lakin işğalçı, separatçı rejimə qarşı humanistlik göstərir. Belə nüfuzlu təşkilatın qondarma rejimə maliyyə yardımı ayırması onun fundamental prinsiplərinə ziddir. Onda bu məntiqlə, Barselonada, Afrikada, Asiyada olan üsyançı dəstələrə də vəsait ayırmalıdırlar? Bütün bunlar bir daha Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi üçün apardığı siyasətin Avropada müəyyən dairələri razı salmadığını göstərir.

Qərbin tanınmış KİV-ləri Prezident İlham Əliyevdən müsahibə götürən zaman verilən təxribatçı sualları hamımız yaxşı xatırlayırıq. Prezident İlham Əliyevin qətiyyətli, məntiqli cavabları qarşısında susan bu jurnalistlər nə üçün indi Ermənistanda baş verən hadisələrə göz yumurlar, nə üçün beynəlxalq təşkilatlar susurlar? İnsan haqlarından, demokratiyadan dəm vuran bu təşkilatlar, dövlətlər sanki Ermənistanda baş verən hadisələri, özbaşınalığı, diktatorun qanunsuz hərəkətlərini görmürlər. Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev bu məsələyə də öz münasibətini bildirdi: “Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?”. Qərbin bu erməni sevgisinin arxasında əlbəttə ki, iki fakt var: biri erməni lobbisi, digəri isə maraqlardır. Ölkə başçısı Ermənistanın müstəqil bir dövlət kimi varlığı məsələsinə öz fikrini bildirdi: “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar”. Bir ölkənin ki, tarixi, mədəniyyəti, coğrafiyası saxtadırsa, yalan və hiylə üzərində qurulubsa, o, necə müstəqil ölkə ola bilər? Dövlətçilik ənənələri olmayan bir toplumun dövləti və müstəqilliyi necə ola bilər? Ermənilərin düşüncəsinə görə hamının ona borcu var. Kimsə onun yerinə layihələr həyata keçirməli, iqtisadiyyatı qurmalı, döyüşməli, o isə ancaq “böyük Ermənistan” xəyalı ilə özünü hamıdan “üstün” olduğunu göstərməlidir. Əlbəttə ki, bu, heç zaman baş tuta bilməz, necə ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı bunu sübut edir. Hələ 28 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Partiya o zaman yeni müstəqilliyini elan etmiş, lakin dayaqlarını hələ tam bərkitməmiş, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, ən həssas bir dövrdə yarandı. O zaman Ulu Öndər tərəfindən qoyulan məqsəd bu gün partiyanın sədri İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Eyni zamanda, bu gün hər bir vətəndaşımız birləşərək, vahid xalq kimi bu zəfər imza atır. Qələbəmiz mübarək! Yaşasın Azərbaycan!

 

Xəbəri paylaş: