Dövlət İmtahan Mərkəzində Pearson VUE tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib

10.02.2020 Off By admin

Dövlət İmtahan Mərkəzində (DİM) Daxili Auditorlar İnstitutuna (Institute of Internal Auditors) məxsus Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan CIA (Certified Internal Auditor) sertifikat imtahanının 1-ci hissəsi və Microsoft şirkətinin “Managing Modern Desktops” adlı sertifikat imtahanı keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hər sertifikat imtahanında bir nəfər olmaqla, ümumilikdə iki nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Bununla yanaşı, həftə ərzində 5 xarici vətəndaş “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını veriblər. Qeyd edək ki, IELTS və TOEFL imtahanlarının ekvivalenti olan PTE-A imtahanının nəticələri 60 ölkənin müxtəlif ali təhsil müəssisələrində tanınır və nəticələr 1-2 iş günü ərzində onlayn açıqlanır.

Xatırladaq ki, DİM 2017-ci ildən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzidir. İmtahana qeydiyyatdan keçmək üçün ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Xəbəri paylaş: