Bu gündən kirayə mənzil mexanizminə müraciətlərin qəbulu başlayıb

22.01.2020 Off By admin

Yanvarın 22-dən kirayə mənzil mexanizminə müraciətlərin qəbuluna başlanılıb.

İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyənlışdirilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya “ASAN İmza”) istifadə etməklə həyata keçiriləcək. Elektron imzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, “ASAN İmza”nı isə “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar. Şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (www.mcgf.az), eləcə də “1549” Çağrı mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı sistemdə yerləşdirilmiş yazılı və ya videotəlimatla tanış olmaqla əldə etmək mümkündür.

Vətəndaşlar fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla http://mcgf.az/menu/202 linki vasitəsilə tanış ola bilərlər.

Xəbəri paylaş: