Brexitdən asılı olmayaraq Azərbaycan-Britaniya əlaqələrinin inkişafı davam edəcək

31.01.2020 Off By admin

Məlum olduğu kimi, cari il yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır. Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən müvafiq sazişin razılaşdırılması və imzalanması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Bu xüsusda qeyd etmək istərdik ki, Birləşmiş Krallıq “keçid dövrü” ərzində Aİ ilə Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaq. Eyni zamanda, Azərbaycan ilə Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir.

Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir. Əminik ki, Brexitdən asılı olmayaraq Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcək”.

Xəbəri paylaş: