Babək rayonunda keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına 167 növdə məhsul çıxarılıb

03.12.2019 Off By admin

Babək qəsəbəsindəki mərkəzi meydanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda rayonun 36 yaşayış məntəqəsindən 90-dan çox ailə təsərrüfatı sahibi iştirak edib. Təsərrüfat sahibləri festivala 167 növdə 3583 qablaşdırılmış məhsul çıxarıblar. Alıcılara müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də turşular, kompotlar, dərman bitkiləri təklif edilib.

Rayonun Nehrəm kəndindən olan ailə təsərrüfatçısı Tofiq Abutalıbovun festivala çıxardığı qarpız turşusu, mürəbbəsi, doşabı, şərablar, qurudulmuş dəmirtikanı meyvəsi, abqora alıcıların marağına səbəb olub. Qocaman təsərrüfatçı deyir ki, rayonun bütün kəndlərindən olan ailə təsərrüfatçıları təmsil etdikləri ərazinin torpaq-iqlim xüsusiyyətlərinə xas olan məhsulları festivala çıxarırlar. Bəzən ailə təsərrüfatı sahibləri bir neçə aya satacaqları məhsulları belə festivallarda bir gündə satırlar. Biz zəhmət adamları yaradılan bu şəraitdən çox razıyıq.

Qeyd edək ki, festivalda alıcılara iaşə xidməti də göstərilib. Babək Rayon Mədəniyyət Evinin “Zabul” İnstrumental Ansamblının və rayon Uşaq-musiqi məktəblərinin kollektivləri festivala rəngarənglik qatıb.

Xəbəri paylaş: