Azərbaycan dövləti erməni vandalizminin iç üzünü bütün dünyada ifşa edir

25.02.2020 Off By admin

Bu gün Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir. Bu məsələdə artıq uğurlu nəticələr əldə edilib.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər bölmədə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Erməni vandalizminin acı üzü: Xocalı faciəsi” mövzusunda elmi konfransda səsləndirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycana qarşı ermənilərin törətdikləri bəşəri cinayətlərdən danışıb. Bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb, dinc əhalini qəddarcasına qətlə yetiriblər. Qətliam nəticəsində aralarında qadın, uşaq və qoca olan 613 mülki vətəndaş həyatını itirib.

Alim Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində hüquqi-siyasi qiymət verildiyini vurğulayaraq bildirib ki, 1994-cü ildə dahi öndərin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

İsmayıl Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırıldığını vurğulayıb.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsinə gedən yol”, Emin Şıxəliyev “Xocalı faciəsinin törədilməsində erməni terror təşkilatlarının fəaliyyəti” və institutun kiçik elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər slayd vasitəsilə nümayiş etdirilib.

Xəbəri paylaş: