Azərbaycan Dillər Universiteti Polis Akademiyası ilə birgə tədbir keçirib

27.12.2019 Off By admin

Dekabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Azərbaycan Dillər Universiteti (ADU) ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev sentyabrın 30-da təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında protokolun imzalandığını xatırladıb, iki ali təhsil ocağı arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib.

Nazim Əliyev rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verib, kursantların dil bilgisinin zəruriliyinə toxunub: “Azərbaycan beynəlxalq miqyaslı nüfuzlu tədbirlərin mərkəzinə çevrilib. Polis xarici vətəndaşlarla təmasda olduğuna görə onun xarici dil bilməsi vacib şərtlərdəndir. Ona görə də biz 2012-ci ildən başlayaraq qarşımıza məqsəd qoyduq ki, akademiyanı bitirən gənclər ingilis dilində sərbəst danışıb xarici vətəndaşın dediyini başa düşmək imkanına malik olmalıdır. Bu sahədə biz müəyyən tədbirlər gördük, proqramlar tətbiq etdik. Azərbaycanın ən böyük dil ocağı Dillər Universitetidir. Ona görə də biz universitetin rektoru, akademik Kamal Abdullaya müraciət etdik, arzularımızı bildirdik. Əməkdaşlığımızı rəsmiləşdirdik, gələcək əməkdaşlığın strategiyasını müəyyən etdik. Həmin strategiyanın davamı olaraq, universitetin kollektivi bu gün bizim qonağımızdır”.

ADU-nun rektoru, akademik Kamal Abdulla Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə iştirakçıları təbrik edib, kursantlara və zabit heyətinə işlərində uğurlar arzulayıb.

Rektor Polis Akademiyasında qonaq olmaqdan məmnunluğunu bildirib, əsası qoyulan əməkdaşlığın faydasından və əhəmiyyətindən danışıb. O, ADU-da həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında məlumat verib, xarici dil bilgilərinin inkişafı, birgə konfranslarda iştirak, tədris vəsaitlərinin tərcüməsi və başqa məsələlərə toxunub. Kamal Abdulla Polis Akademiyasının maddi-texniki bazası, tədrisdə qazandığı uğurlarla bağlı yüksək fikirlərini bildirib.

Kamal Abdulla qeyd edib ki, ADU və Polis Akademiyası arasında imzalanan razılığa əsasən universitetin professor-müəllim heyəti, tələbə, magistr və doktorantları Polis Akademiyasının tədris prosesində iştirak edəcək, birgə layihələrə öz töhfələrini verəcəklər.

Tədbirdə ADU-nun Tələbə Həmkarlar Komitəsinin sədri Şahin Sərdarlı və Polis Akademiyasının kursantı Nurlan Mirzəyev məruzə ilə çıxış ediblər.

Daha sonra ADU-nun əməkdaş və tələbələri – Yaqub Cavadov, Arzu Məmmədova, Murad Əliyev, Şahverən Babayev, Samirə Babayeva konsert proqramı ilə çıxış ediblər.

Xəbəri paylaş: